Yaranma tarixi: 1975 Rektor: Gülçöhrə Məmmədova Tələbə sayı: 5000 Şəhər: Bakı Ölkə: Azərbaycan Ünvan: A.Sultanova küç. 5, AZ-1073 Yaranma tarixi Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. Universitet indiyə qədər 25 mindən çox yüksəkixtisaslı memar və inşaatçı-mühəndis hazırlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Ümumi məlumat Mühəndis kadrlarının hazırlanması ilə 700 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi, dosent və baş müəllimdir. Onlarla yanaşı respublika tikinti kompleksinin aparıcı mütəxəssisləri də tədris prosesinə cəlb edilmişdir.
Universitetdə 42 kafedra fəaliyyət göstərir. Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və ixtisas kafedralarına bölünür.
Universitetin maddi-texniki bazası ildən ilə möhkəmlənir. Hazırda ali məktəbin ümumi sahəsi 49000 kv.m olan 5 tədris korpusu vardır. Auditoriya fondunun genişlənməsilə bağlı bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları yaradılmışdır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır.
Tələbələr burada dərslərə hazırlaşmaqla bərabər öz asudə vaxtlarını da xoş keçirə bilirlər. Bunun üçün onlar burada "OCAQ” tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki” kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır. Öz səhifələrində Universitet həyatını işıqlandıran "İnşaatçı kadrlar” adlı çoxtirajlı qəzet buraxılır.
Xarici əlaqələr Universitetin xarici əlaqələri aşağıdakı strukturlar vasitəsilə həyata keçirilir. Xarici tələbələrlə iş üzrə dekanlıq Xarici tələbələr üçün hazırlıq fakültəsi Xarici əlaqələr şöbəsi
Xarici tələbələrlə iş üzrə dekanlıq 1977-ci ildən fəaliyyət göstərir və xarici ölkələr üçün mütəxəssislər hazırlayır. Ötən müddət ərzində dünyanın 40-dan artıq ölkəsindən 1000-ə yaxın tələbə universiteti bitirmiş, 50-yə yaxın xarici ölkə vətəndaşı alimlik dərəcəsi almışdır. Hazırda AzİMU-da dünyanın 15 ölkəsindən 400-yə yaxın tələbə və aspirant təhsil alır.
AzMİU-da təhsil alan xarici vətəndaşlar universitetin yataqxanasında yerləşdirilir, müqavilə bağlanır, qeydiyyat və viza məsələləri həll edilir. Xarici tələbələrlə iş üzrə dekanlıq xarici ölkə universitetlərinin inşaat bölümləri və digər təşkilatlarla əlaqə saxlayır. Xarici vətəndaşların hazırlığı ilə 65 nəfər müəllim məşğul olur. Onlardan 2 nəfəri elmlər doktoru, professor, 15 nəfəri elmlər namizədi, dosentdir. Təhsil 2 yolla aparılır: müqavilə və dövlət xəttilə.
Universitetin bir çox təcrübəli, qabaqcıl müəllimləri tez-tez xarici ölkələrə dərs deməyə göndərilir. Müəllimlərimizin elmi-pedaqoji sahədəki fəalyyəti xarici ölkələrdə (Əlcəzair, Tunis, Mali, Seneqal, Qvineya, İran, Yaponiya, Yəmən, İngiltərə, Əfqanıstan, Kamboca, Hindistan, Efiopiya, Turkiyə və s.) yüksək qiymətləndirilir. Müəllimlərimiz beynəlxalq simpoziumlarda, elmi konfranslarda fəal iştirak edirlər. Təhsildə xüsusilə fərqlənən tələbələrimiz təhsillərini Amerika, İngiltərə və Fransada davam etdirirlər. Məzunlar üçün təyinat imkanları digər ali məktəblərdə olduğu kimidir.
AzMİU çoxpilləli təhsil sisteminə keçmişdir: bakalavr pilləsi-4 il, magistr pilləsi-2 ildir. Universitetdə təhsil əyani və qiyabi formalarda, ödənişli və ödənişsiz əsaslarla həyata keçirilir. Tələbələrimiz ali məktəblər arasında keçirilən idman yarışlarında, müsabiqələrdə fəal iştirak edirlər. Bir çox idmançılarımız dünya çempionu, beynəlxalq idman ustası adlarını qazanmışlar. Universitetdə "Sevinc” ansamblı fəaliyyət göstərir. Kollektiv bir çox festivallarda öncül yerlər tutub. Universitetdə kompüter kursları, xarici dillərə yiyələnmə kursları, litsey fəaliyyət göstərir. Universitetin "Memarlıq” fakültəsinin məzunlarının diplom işləri bir çox sərgilərdə nümayiş etdirilir.
Fakültələr Tikintinin iqtisadiyyatı və idarə edilməsi Bələdiyyə tikintisi və təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi Menecment (inşaatda) Marketinq (inşaatda) Memarlıq Memarlıq mühitinin dizaynı Memarlıq abidələrinin bərpası və yenidən qurulması Bağ, park və landşaft quruculuğu Sənaye və mülki tikinti Hidrotexniki tikinti Bələdiyyə tikintisi və təsərrufatı Meliorasiya mühəndis sistemlərinin tikintisi İstilik qaz təchizatı və ventilyasiya Su təchizatı və suayırma Dəmir yol tikintisi və təsərrüfatı Avtomobil yolları və aerodromların tikintisi Körpülər və nəqliyyat tunelləri Tikinti materialları, məmulatları və konstruksiyalarının istehsal texnologiyası Ağac emalının texnologiyası Çətinəriyən qeyri-metal və silikat materiallarının texnologiyası Tətbiqi geodeziya Tikinti və tikinti materialları sənaye müəssisələrinin elektrik təchizatı. İnşaatda texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması. İnşaat, yol maşın və avadanlıqları Tikinti materialları və məmulatları sənayesi müəssisələrinin maşın və avadanlığı Tikinti və tikinti materialları sənayesi müəssisələrinin texnoloji, nəqliyyat maşın və avadanlağının texniki istismarı və servis xidməti Materiallar fizikası (inşaatda) Materialşünaslıq və yeni materiallar texnologiyası (inşaatda) Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda) Hidrotexniki və meliorasiya mühəndis sistemləri tikinti işlərinin mexanikləşdirilməsi Həyat fəaliyyətinin təhlükəsizliyi (inşaatda) Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi
Memarlıq fakültəsi 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər test imtahanlarından əvvəl universitetdə qabiliyyət imtahanları verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşması məqsədilə fakültə xarici memarlıq məktəbləri ilə professional əlaqələri genişləndirir. Fakültə bir çox xarici ölkələrlə: Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Misir, Türkiyə, İran, İtaliya və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur.
İnşaat fakültəsi Fakültənin əsası 1920-ci ildə qoyulmuşdur. 1923-cü ildə Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlananda fakültə "Tikinti-mühəndis” fakültəsi adlandırılmışdır. Fakültə bu adla fəaliyyət göstərsə də onun nəzdində xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlanmışdır. 1954-cü ildə bu fakültə Azərbaycan Politexnik İnstitutunun ən böyük fakültəsinə çevrilmiş və burada 1500 tələbə təhsil almışdır. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılarkən fakültə bu ali məktəbin tərkibinə verilir və bir ildən sonra onun bazası əsasında "Sanitariya texnikası” və "İnşaat-texnologiya” fakültələri təşkil olunur. Fakültədə sənaye və mülki tikinti, şəhər və bələdiyyə tikintisi və təsərrüfatı sahəsində çalışan mütəxəssislər hazırlanır.
|