Dollar əhvalatı Bu hadisə hələ valyuta kurslarının tətbiq edilmədiyi illərdə ABŞ və Kanada sərhəddində yerləşən bir şəhərdə baş vermişdir...
Məlumdur ki, o illərdə (elə indi də) ABŞ və Kanada pul vahidi kimi dollardan istifadə edirdi. Ancaq hər iki ölkə öz pulunun daha qiymətli olduğunu iddia edirdi. Belə ki, kanadalılara görə 1 ABŞ dolları 90 Kanada senti, amerikalılara görə isə 1 Kanada dolları 90 ABŞ senti idi...
Bir gün bir amerikalı cibində 1 ABŞ dolları gəzməyə çıxdı. Yolda acdığı üçün bir çörək aldı. Çörəyin qiyməti 10 ABŞ senti idi. Amerikalı cibindəki 1 ABŞ dollarını verdi. Satıcı isə xırda pulu olmadığı üçün 1 Kanada dolları qaytardı (əlbəttə ki, 1 Kanada dolları 90 ABŞ senti olduğu üçün). Sonra amerikalı sərhəddi keçdi və Kanadada gəzməyə başladı. Bu vaxt bir qələmə ehtiyacı olduğunu xatırladı və bir dəftərxana mağazasına girdi. Qələmin qiyməti isə 10 Kanada senti idi. Cibindəki 1 Kanada dollarını verdi. Satıcı da xırda pulu olmadığı üçün amerikalıya 1 ABŞ dolları qaytardı (əlbəttə ki, 1 ABŞ dolları 90 Kanada senti olduğu üçün). Amerikalı oradan çıxıb evinə qayıtdı. Sonra da düşünməyə başladı: "Səhər evdən çıxanda cibimdə 1 ABŞ dollarım var idi. Indi də cibimdə 1 ABŞ dollarım var. Elə isə çörəklə qələmin pulunu kim verdi?..”
İKİ FİNCAN SU Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı. Hökmdarın ağıllı bir vəziri var idi. Böyük də, kiçik də onu çox sevirdi... Bir gün hökmdar vəziri ilə söhbət edəndə, "Sən dünya görmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən?” , - deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: "Fərz edin ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaqda deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?” Hökmdar, "Əlbəttə ki, verərəm", - deyə cavab verdi. Vəzir davam etdi: "Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?”. Hökmdar bir qədər fikirləşib, "Təbii ki, verərəm”, -dedi. Artıq son sözü demək vaxtı idi: "Madam ki belədir, onda bu var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil”...
MANEƏ Qoca kiçik bir gölün kənarında oturmuşdu. Bu vaxt bir itin qəribə hərəkətlər etdiyini gördü. İt gölün kənarına qədər gəlir, sonra nə isə görüb geri çəkilirdi. İtə diqqətlə nəzər yetirən qoca onun suyun üzərindəki əksindən qorxub geri çəkildiyini gördü. İt nəhayət susuzluğa dözə bilməyib özünü gölə atdı və doyunca içməyə başladı. Qoca üzünü yanında oturan dostuna tutub: - Əslində çox adi görünən bu hadisədən nə dərs götürdüyümü bilmək istəyirsənmi? – dedi, - Bir insanın məqsədi ilə arasındakı maneə çox vaxt öz içində böyütdüyü şübhələr və qorxulardır. Yəni insan əslində öz "maneələrini” özü yaradır. Bu "maneələri” aşanda isə məqsədinə çatar... - Əslində ikinci dərs bundan daha mühümdür. Yəni, insan nə qədər bilikli olursa olsun, susuz qalmış bir itdən də nə isə öyrənə bilər...
|